VTB (Azərbaycan) 2026-cı ilin ilk doqquz ayının maliyyə nəticələrini açıqlayıb. Hesabat dövründə Bankın aktivləri 20%, kredit portfeli 24%, depozit portfeli isə 50% artıb.
30 sentyabr 2026-cı il tarixinə Bankın aktivləri ilin əvvəli ilə müqayisədə 20% artaraq 367,8 milyon manata çatıb.
Bankın ümumi kredit portfeli 24% artaraq 304 milyon manatı ötüb. Fiziki şəxslərə verilən kreditlər 47% artaraq 164 milyon manata, ipoteka kreditləri portfeli isə 64,8 milyon manatdan 71,4 milyon manata yüksələrək 10%-dən çox artım nümayiş etdirib.
Nəticədə, pərakəndə biznesin idarəetməsində olan ümumi kredit portfeli 2026-cı ilin ilk doqquz ayında 60 milyon manata yaxın artaraq 235 milyon manatı ötüb.
Korporativ Biznes istiqaməti üzrə aktiv müştəri sayı 10%, xarici ticarət dövriyyəsinin xidməti isə 7% artım nümaiş etdirib.
Bankın depozit portfeli ilin əvvəlindən 50% artaraq 153,4 milyon manata çatıb. Bu, depozit bazasının genişlənməsini və maliyyələşmə mənbələrinin şaxələndirilməsini əks etdirir.
30 sentyabr 2026-cı il tarixinə Bankın məcmu kapitalı 106,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının minimum kapital tələbindən iki dəfədən çox yüksək olan bu göstərici Bankın maliyyə dayanıqlığını və gələcək inkişaf imkanlarını dəstəkləyir.
2026-cı ilin ilk doqquz ayında Bankın xalis mənfəəti 7,7 milyon manat təşkil edib.
VTB (Azərbaycan) növbəti dövrdə də biznes və pərakəndə müştərilərinə təqdim olunan maliyyə həllərinin əlçatanlığının artırılmasına, rəqəmsal xidmətlərin inkişafına, xidmət keyfiyyətinin yüksəldilməsinə, eləcə də uzunmüddətli dayanıqlı inkişafa üstünlük verəcək.
Leave your FIN code and mobile number and we will call back to you